“Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi”nin yaradılması haqqında
“Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi” nin yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İ.Əliyev cənablarının Azərbaycanda elan etdiyi “İslam həmrəyliyi ili” çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif toplantı iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.
40 dövlətin, o cümlədən, Avropa, Amerika, Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinin dövlət, elm, ictimaiyyət və din xadimlərinin, habelə 7 beynəlxalq təşkilatın rəhbərlərinin iştirak etdiyi “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” Beynəlxalq Konfransı müasir dünyada terror, ekstremizm, dini radikallıq, aqressiv separatizm, siyasi məqsədlərlə dindən sui-istifadə etmə, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizədə dinlər və sivilizasiyalararası həmrəyliyin vacibliyini bir daha bütün dünyaya nümayiş etdirərək, belə tədbirlərin davam etdirilməsi və daimi əsaslarda təşkil olunmasını məqsədəuygun saymışlar.
Bu məqsədlə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində daimi əsaslarda fəaliyyət göstərən “Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi” (BDSƏM) təsis olunmuşdur.
Mərkəz ictimai əsaslarda fəaliyyət göstərir.
Mərkəz Azərbaycan Respublikasının Qanunvericiliyi və Azərbaycanın üzv olduğu və qoşulduğu beynəlxalq təşkilatlar, konvensiyalar və digər normativ aktlar əsasında fəaliyyət göstərir.
Mərkəzin Baş qərargahı və Katibliyi Bakı şəhərində, Qafqaz Müsəlmanları İdarəsində yerləşir.
Mərkəzin Baş katibi Azərbaycanı təmsil edir.
Mərkəzin idarəetmə orqanları:
- Himayədarlar Şurası;
- Məşvərət Şurası;
- Katiblik.
Mərkəzin və onun struktur bölmələrinin fəaliyyəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən maliyyələşdirilir. Mərkəzin büdcəsinə Azərbaycanın xeyriyyə cəmiyyətləri, fiziki və hüquqi şəxslər tərəfindən, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinə olunan ianələr hesabına yardımlar edilə bilər.
Mərkəzin məqsədləri:
-Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalar və dinlər arası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsi;
-Dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş beynəlxalq təşəbbüslərin, o cümlədən 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq tədbirlərin davam etdirilməsi;
-Din və məzhəb ayrı-seçkiliyi, ksenofobiya, terrorçuluq, aqressiv separatizm, ekstremizm, eləcə də milli, dini və etnik zəmində digər dözümsüzlük hallarına qarşı birgə mövqeyin bildirilməsi;
-Humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinə dair, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılmasına qarşı birgə mövqeyin bildirilməsi;
-Özündə humanist bəşəri dəyərləri əks etdirən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfələrinin təbliğ olunması;
-Milli, mədəni, dini irsin qorunmasında, ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində dinlər və sivilizasiyalararası dialoqun, həmrəylik ideyalarının və mənəvi maarifçiliyin vacibliyinin tərənnüm edilməsi;
-Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə müvafiq bəyanatların verilməsi, beynəlxalq birliyə, dünya ictimaiyyətinə, dini liderlərə müraciətlərin və çağırışların edilməsi.